Kimmo Kilyunen: Müharibə başa çatsa da, minalar hələ də dinc, mülki insanları öldürür

Paris, 4 oktyabr, AZƏRTAC

Münaqişənin humanitar fəsadlarının aradan qaldırılması ən vacib məsələdir. Bu baxımdan torpaqların minalardan təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Müharibə başa çatsa da, bu minalar hələ də dinc, mülki insanları öldürür.
Bu fikri AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi, finlandiyalı deputat Kimmo Kilyunen AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, minaların zərərsizləşdirilməsi olduqca mürəkkəb prosesdir.
“Bütün beynəlxalq ictimaiyyəti bu işə dəstək verməyə çağırıram. Burada qaldırılan müharibə əsirləri məsələsinə gəldikdə isə, onlar üçtərəfli Bəyanatdan xeyli sonra həbs edildiyindən, Azərbaycan onları müharibə əsiri hesab etmir. Bu mövqe məruzədə də əks olunub. Lakin buna baxmayaraq, Azərbaycan xoş niyyət nümayiş etdirərək, onların bir çoxunu azad edib”, - deyə K.Kilyunen vurğulayıb. O, qeyd edib ki, hərbi əməliyyatlardan yayınmaq lazımdır. Azərbaycanın atdığı bu addım iki tərəf arasında gələcək pozitiv təmaslar üçün zəmin rolunu oynaya bilər. Münaqişə bitib, barışıq və qarşılıqlı etimad yaratmaq mərhələsi başlayıb. O, məcburi köçkünlərin doğma torpaqları məsələsinə də toxunaraq, ərazilərin minalardan təmizlənməsinin vacibliyini bir daha xatırladıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq